Vergi yoxlamalarında dəyişikliklər baş verib

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov vergi yoxlamalarının aparılması qaydalarında dəyişikliklər ilə bağlı şərh verib.

Onun sözlərinə görə, 2017-ci ilin 1 yanvar tarixinədək qüvvədə olan qanunvericilikdə kameral vergi yoxlamasının vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilirdi. Vergi ödəyiciləri tərəfindən müvafiq sənədlərin vaxtında təqdim edilməməsi və ya ümumiyyətlə sənədləşmənin aparılmaması bəzən kameral qaydada keçirilən vergi yoxlamalarının müddətinin uzadılması ilə nəticələnirdi. Bu cür halların aradan qaldırılması məqsədilə kameral vergi yoxlamasının vergi bəyannaməsinin təqdim edildiyi vaxtdan 30 iş günü müddətində həyata keçirilməsini və bu müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlamasının keçirilməsini qadağan edən müddəa Vergi Məcəlləsinin 37-ci maddəsinə daxil edilib.

Vergi yoxlamarına aid müddəalarda edilmiş dəyişikliklərlə elektron auditin tətbiq dairəsi də genişlənib. Bununla əlaqədar Vergi Məcəlləsinin 13.2.68-ci maddəsinə “elektron audit” anlayışı daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır