Vergidə “dövriyyə intervalları” prinsipi tətbiq olunacaq

Vergilər naziri Fazil Məmmədovun Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytında yerləşdirilmiş məqaləsində bildirilib ki, vergi sistemində hər kateqoriya vergi ödəyicisinə ona uyğun yanaşmalar formalaşdırılacaq.

“Vergi sisteminə yeni baxış bucağı, ilk növbədə, iki mühüm prinsip üzərində qurulur. Bunlardan birincisi və ən önəmlisi «fərdi yanaşma» prinsipidir. İndiyədək vergi xidmətində işin əsas ağırlığı böyük dövriyyəsi olan vergi ödəyiciləri ilə aparılan işlərə yönəldilirdi və dövriyyələrindən asılı olmayaraq bütün vergi ödəyicilərinə (iri, orta və kiçik) eyni inzibati mexanizmlər tətbiq edilirdi. Yeni dönəmdə vergi administrasiyasının ilkin vəzifəsi bu yanaşmanı dəyişmək, hər kateqoriya vergi ödəyicisinə ona uyğun yanaşmalar formalaşdırmaqdır. Bu məqsədlə beynəlxalq təcrübədə geniş istifadə olunan «dövriyyə intervalları» prinsipini vergi inzibatçılığının bütün sahələrində tətbiq etməklə, vergi ödəyicilərinə münasibətdə yanaşmanı diferensiallaşdırmaq, daha səmərəli, çevik və şəffaf inzibatçılıq formalaşdırmaq nəzərdə tutulur. Burada əsas yanaşma kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaq, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı, eləcə də fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir.

İkinci mühüm prinsip isə sahibkarlıq subyektləri ilə «partnyorluq münasibətlərinin qurulması və dərinləşdirilməsi» prinsipidir. Vergilər Nazirliyi sahibkarlıq subyektləri ilə partnyorluq münasibətlərinin qurulmasına artıq bir neçə ildir başlasa da, yeni yanaşmada bu münasibətlərin konkret əsaslara keçilməsi və dərinləşdirilməsi, vergi ödəyicilərinin öhdəliklərinin dəqiqləşdirilməsi, onlara müasir və innovativ xidmətlərin göstərilməsi əsas götürülüb. Bu məqsədlə yenə də beynəlxalq təcrübədən faydalanaraq intizamlı vergi ödəyiciləri üçün «yaşıl dəhliz» prinsipi əsasında innovativ yeniliklərə söykənən fərdi və sürətli ünvanlı xidmətlər sisteminin tətbiqi qərara alınıb”-deyə, məqalədə qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır