Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin qanunsuz istehsalı, saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı ilə məşğul olma halları aşkar edilib.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Nəsimi rayonunda yerləşən “Şərab evində” keçirilən vergi nəzarəti tədbiri zamanı, qeyri-qanuni olaraq aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış alkoqollu içkilərin və tütün məmulatlarının saxlanılması və satışının həyata keçirildiyi aşkar edilib.
Ümumilikdə,respublika üzrə 2017-ci il ərzində aksiz markaları ilə markalanmalı olan malların, markalanmadan satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələləri üzrə yerli vergi orqanları tərəfindən vergi nəzarətinin həyata keçirilməsi haqqında 364 qərar çıxarılıb, 349 obyektdə nəzarət tədbiri həyata keçirilib, bunlardan 265-də vergi ödəyiciləri tərəfindən 33439,4 manat miqdarında aksiz markası olmadan malların satışının həyata keçirildiyi aşkar edilərək, nəticələri müvafiq akt və protokollarla rəsmiləşdirilməklə aidiyyatlı orqanlara göndərilib.
Qeyd edək ki, Vergilər Nazirliyi saxta aksiz markaları ilə markalanmış və ya aksiz markası olmadan satışı ilə bağlı nəzarət tədbirlərini davam etdirir.