Vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə aparılan struktur dəyişiklikləri çərçivəsində Vergilər Nazirliyində Rəqəmsal vergi inzibatçılığı departamenti yaradılıb. Yeni yaradılmış departament elektron vergi inzibatçılığının tətbiqi, onun texnoloji təminatının daha yüksək səviyyəyə çatdırılması, məsafədən vergi xidmətlərinin göstərilməsi, operativ informasiya mübadiləsinin təmin edilməsi, informasiya təhlükəsizliyi sisteminin idarə olunması, vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin tam qorunması və digər istiqamətlərdə fəaliyyət göstərəcək. Departamentin tərkibində Vergi ödəyicilərinə məsafədən xidmət şöbəsi, İnformasiya təhlükəsizliyi şöbəsi və İnformasiya texnologiyaları şöbəsi yaradılıb.
Vergi hesabatlarını vergi orqanları hazırlayacaq
Vergilər Nazirliyi sistemində vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən İnternet Vergi İdarəsi 2007-ci ildən etibarən fəaliyyət göstərir. İdarənin fəaliyyətinin müasir texnologiyalar əsasında qurulması vacib amildir. Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin İnformasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Aqşin Məcidovun sözlərinə görə, nazirlik İnternet Vergi İdarəsinin fəaliyyətində yeniliklərin tətbiqinə hazırlaşır. Bununla bağlı olaraq, İnternet Vergi İdarəsinin yeni versiyasının hazırlanması, elektron xidmətlərin həm interfeys, həm də prosedur baxımından təkmilləşdirilməsi (3 klikdən istifadə etməklə öz fəaliyyətini həyata keçirməyə imkan verən sistemin tətbiqi), digər dövlət qurumları ilə inteqrasiyasının genişləndirilməsi, informasiya texnologiyası arxitekturasının optimallaşdırılması nəzərdə tutulub. Tətbiq ediləcək yeniliklərdən biri də bəyannamələrin hazırlanması ilə bağlıdır. Hazırda vergi bəyannamələri vergi ödəyiciləri tərəfindən tərtib olunur və nazirliyə təqdim edilir. Lakin bəyannamələrin tərtibatı zamanı vergi ödəyiciləri müəyyən çətinliklərlə üzləşirlər. Bu baxımdan, Vergilər Nazirliyi əlaqəli dövlət qurumları arasında elektron inteqrasiya sistemini təkmilləşdirməklə vergi bəyannamələrinin ödəyicilərin əməliyyatları əsasında vergi orqanları tərəfindən ilkin versiyasının hazırlanaraq təsdiq üçün vergi ödəyicisinə göndərilməsi üzərində iş aparır.
E-qaimələrin göndərilməsinin sadələşdirilməsi planlaşdırılır
Vergi qanunvericiliyinin müddəalarına əsasən, cari ilin yanvar ayından etibarən bütün vergi ödəyiciləri elektron qaimə (e-qaimə) tətbiq edir. Hazırda e-qaimə və e-vhf tərtib edilməsində müəyyən mürəkkəblik mövcuddur. Bununla bağlı aparılan işlərin nəticəsi olaraq, nazirliyin informasiya sisteminin təkmilləşdirilməsi, xüsusən də vergi ödəyiciləri üçün istifadəçi interfeyslərinin dizaynına xüsusi diqqət yetirilməsi və e-qaimə və e-vhf-ın göndərilməsinin sadələşdirilməsi planlaşdırılır. Hazırda Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə hazırlıq və təhlil işləri aparılır.
E-audit – şəffaf yoxlama metodu
Vergilər Nazirliyi vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin avtomatlaşdırılması ilə yanaşı, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasına da çalışır. Rəqəmsal vergi inzibatçılığı departamenti elektron auditin (e-audit) effektiv və səmərəli formada tətbiqi üzərində araşdırmalar aparır. Bunun üçün yeni məlumat bazasının yaradılması, vergi ödəyiciləri haqqında məlumatların ümumi bazaya inteqrasiyası, bu sahədə qanunvericiliyin və prosedurların təkmilləşdirilməsi, yeni texnologiyanın tətbiqi və süni intellekt modulları əsasında informasiya sisteminin qurulması işləri həyata keçiriləcək.
Elektron nəzarət sistemi – onlayn kassa
Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi sahəsində hədəflərindən biri onlayn kassa aparatlarının tətbiqidir. Hazırda nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar oflayn rejimdə həyata keçirilir. Vergilər Nazirliyinin məqsədi ondan ibarətdir ki, kassa aparatları sahəsində şəffaflıq təmin olunsun. Bunun üçün yaxın gələcəkdə yeni texnologiyadan istifadə etməklə onlayn kassa aparatlarının tətbiqi planlaşdırılır. Nazirliyin informasiya sistemi və onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcəkdir. Nəticədə nazirliyin sistemində vergi ödəyicilərinin əməliyyat məlumatları daha dürüst olacaq və satış mühasibatlığında şəffaflığı artıracaq. Bundan əlavə, kassa aparatları üzrə texniki tələblərə yenidən baxılması planlaşdırılır.
Yeni texnologiyalar yeni təhlükəsizlik sistemini tələb edir
Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin “Dövlət xidmətləri” Portalında Vergilər Nazirliyi ən çox elektron xidmət təklif edən qurumdur. Hazırda Vergilər Nazirliyi tərəfindən təklif edilən elektron xidmətlərin sayı 63-dür və bu xidmətlərin sayının artırılması istiqamətində işlər aparılır. Bu işlər sayəsində gələcəkdə vergi ödəyiciləri ilə münasibətlərdə insan amilinin aradan qaldırılması və xidmət şəbəkələrinin iş həcminin azaldılması hədəf seçilib. Elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması və elektronlaşmanın yüksək səviyyəyə çatdırılması təhlükəsizlik məsələlərinin həllini zəruri edir. İnformasiya təhlükəsizliyi sisteminin idarə edilməsində müasir metodların tətbiqi və vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin tam qorunması Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin hədəflərindən biridir. Vergilər Nazirliyində vergi ödəyicilərinə məxsus, kommersiya sirləri və vergi orqanlarının fəaliyyəti ilə bağlı məlumatlar toplanır və bu məlumatların kiberhücumlardan sığortalanması üçün ən müasir və təkmil texnologiayaların tətbiqi vacibdir. Vergilər Naziliyi hazırda bu sahənin təkmilləşdirilməsi üzərində iş aparır.
Beləliklə, nazirliyin yeni rəqəmsal idarəetmə sistemi çərçivəsində müasir vergi siyasətinin tənzimlənməsi yolu ilə nəzərdə tutulmuş hədəflərə, prinsip və məqsədlərə daha effektiv nail olunacaq.