İyul ayının 27-də Vergilər Nazirliyində Pakistan İslam Respublikasının Ticarət katibi Muhammad Yunus Daqhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov Azərbaycanla Pakistan arasında mövcud olan yüksək siyasi əlaqələr və strateji tərəfdaşlıq münasibətlərini qeyd edərək, ölkələrimiz arasında əlaqələrin ildən-ilə genişləndiyini və bütün sahələri əhatə etdiyini bildirib.
Pakistan İslam Respublikasının Ticarət katibi Muhammad Yunus Daqha Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişafın böyük maraqla qarşılandığını, iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin iqtisadi müstəviyə keçirilməsinin zəruriliyini qeyd edib, ticari və iqtisadi potensialın yüksək olduğunu bildirib.
Muhammad Yunus Daqha hər iki ölkənin vergi və gömrük xidmətləri arasında əlaqələrin dərinləşdirilməsi, təcrübə mübadiləsi aparılmasının da vacibliyini qeyd edib.