Vergilər Nazirliyinin nümayəndələri İOTA-nın növbəti Baş Assambleyasında iştirak edib

Ukraynanın paytaxtı Kiyev şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 21-ci Baş Assambleyasının “Dağıdıcı tendensiyalar və yeni biznes modelləri: 21-ci əsrin vergi adminstrasiyaları üçün çağırışlar və nəticələr” mövzusunda konfrans keçirilib. Azərbaycan Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə inistitutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadənin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

Tədbirdə 2017-2018-ci illər üçün təşkilata rəhbər şəxsin seçilməsi üzrə səsvermə keçirilib. Slovakiya Respublikasının Maliyyə Direktorluğunun rəhbəri Frantişek İmrecze İOTA-nın yeni prezidenti seçilib. Konfransda, 22-ci Baş Assambleyasının 2018-ci ildə Slovakiyada keçirilməsi qərara alınıb. İOTA-nın baş katibi Migel Pinto təşkilatın 2018-ci il üzrə Tədbirlər Planını və büdcəsini iştirakçılara təqdim edib. Bildirib ki, növbəti il üçün təşkilatın büdcəsi 1 091,200 avro təşkil edəcək. İOTA-nın Katibliyi üzv dövlətlərin ehtiyaclarını və tələbatlarını nəzərə alaraq bu müddət ərzində 4 layihə həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktorunun müavini, Beynəlxalq əməkdaşlıq idarəsinin direktoru Orxan Musayev İOTA-nın yeni strategiyasının hazırlanması üzrə işçi qrupa namizəd seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır