Vergilər Nazirliyində vergi orqanlarına daxil olan vətəndaş müraciətlərinə baxılması və vergi proqnozlarının icra vəziyyətinə həsr olunmuş kollegiya iclası keçirilib.
İclasda çıxış edən kollegiyanın sədri, Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov hər iki məsələnin çox aktual olduğunu vurğulayaraq, vətəndaş müraciətlərinə baxılması zamanı qanunvericiliyin bütün tələblərinə ciddi əməl olunmasının təmin edilməsi hesabına vətəndaş məmnunluğunun səviyyəsinin yüksəldilməsi, habelə son kollegiya iclasında qəbul edilmiş “2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası üzrə Tədbirlər Planı”nın icra vəziyyəti barədə danışaraq, dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində görülən işlərin daha intensiv və səmərəli aparılmasının zəruri olduğunu diqqətə çatdırıb.
Sonda F.Məmmədov vətəndaş məmnunluğunun təmin olunmasının vergi orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu vurğulayaraq, vergi orqanlarının işinin müasir tələblərə cavab verən səviyyədə qurulması, cari ilin sonunadək Vergilər Nazirliyinin struktur vahidlərinin və bölmələrinin bütün imkanlarının vergi orqanları qarşısında duran vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret göstərişlər verib.
Xatırladırıq ki, kolegiya iclasından bir neçə gün əvvəl vergilər nazirinin əmri ilə Nazirliyin struktur vahidlərinin rəhbərliyində kadr dəyişiklikləri aparılıb. Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamentinin baş direktoru Zaur Fətizadə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru, Milli Gəlirlər Departamentinin baş direktoru Natiq Şirimov Vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru vəzifəsinə keçiriliblər. Zöhrab Ömərov Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin baş direktoru, Zamin Rzayev Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru təyin ediliblər.