Vergilər naziri Rusiya Federal Vergi Xidmətinin rəhbəri ilə görüşüb

Vergilər naziri Mikayıl Cabbarov Moskva şəhərində Rusiyanın Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinlə görüşüb.

Görüşdə iki ölkənin vergi orqanları arasında əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində hər iki ölkədə son illər həyata keçirilmiş islahatlar barədə fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, hazırda dünya vergi orqanlarının prioritet fəaliyyət istiqamətlərindən biri vergi inzibatçılığında informasiya texnologiyalarının daha geniş tətbiqinə nail olmaqdır. Bu mənada, hər iki ölkədə rəqəmsal texnologiyaların tətbiqi sahəsinə xüsusi diqqət yetirilir.

Görüşdə Federal Vergi Xidmətinin yüksək vəzifəli şəxsləri Rusiyanın vergi inzibatçılığında rəqəmsal texnologiyalar sahəsində tətbiq olunan son yeniliklərlə bağlı təqdimatlarla çıxış ediblər.

Azərbaycanın Vergilər Nazirliyi və Rusiya Federal Vergi Xidmətinin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır