Sentyabrın 28-də Rusiya Federasiyasının Stavropol şəhərində VIII Rusiya- Azərbaycan Regionlararası Forumu keçiriləcək. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Forumda hər iki ölkənin dövlət rəsmiləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, ticarət, turizm, tikinti, maliyyə və konsaltinq, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.
Tədbir çərçivəsində Forumun plenar iclası, sənaye, turizm, aqrar, səhiyyə və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək, Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.
Qeyd edək ki, tədbirdə əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.