“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb və proqnoz “neqativ”dən “stabil”ə yüksəldilərək “BB+” səviyyəsində təsdiq olunub. Məsələnin əhəmiyyətini şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib ki, kredit reytinqinin yüksəldilməsi Dünya Bankı, Davos İqtisadi Forumu və ABŞ-ın İrs Fondunun son hesabatlarında Azərbaycanın mövqeyinin yaxşılaşması ilə səsləşir: “Artıq dünyanın reytinq tərtib edən bütün mötəbər qurumları Prezident İlham Əliyevin rəhbərliyilə aparılan iqtisadi islahatların real nəticələrini qəbul edir və Azərbaycanı MDB-də ən islahatçı ölkə kimi təsbit edirlər.”
V.Qasımlı qeyd edib ki, son iki ildə iki kredit reytinq agentliyi “Standard & Poor’s” və “Fitch” Azərbaycanın kredit reytinqini yüksəldib: “Deməli, dünyada Azərbaycan iqtisadiyyatına inam sürətlə güclənir. Kredit reytinqinin yüksəlməsinin aşağıdakı istiqamətdə faydaları olacaq: Birincisi, Azərbaycan dövlətinin xarici borclanması üçün daha əlverişli şərtlər formalaşır. “Standard & Poor’s” Azərbaycana BB+ stabil kredit reytinqi verib, “Moody’s”un Azərbaycana verdiyi kredit reytinqi “Ba2” stabildir və “Fitch” Azərbaycanın kredit reytinqini “BB+” stabilə yüksəldib. Kredit reytinqi suveren fondlar, pensiya fondları və digər investorlar tərəfindən Azərbaycanın tədiyyə qabiliyyətini ölçmək üçün yaxşı imkandır. Başqa sözlə desək, kredit reytinqi ölkənin borclanma xərcini müəyyənləşdirən başlıca amillərdəndir. Kredit reytinqi artdıqca ölkənin xarici borclanması zamanı şərtlər də (məsələn, borcun faizi aşağı düşür və s.) yumşalır. İkincisi, yüksək kredit reytinqi tədiyyə balansına, xüsusilə kapitalın hərəkəti balansına müsbət təsir edir, çünki ölkəyə vəsait axını stimullaşır və əksinə ölkədən vəsaitin çıxarılması tormozlanır. Üçüncüsü, Azərbaycan dövləti və şirkətlərimiz beynəlxalq maliyyə bazarlarına çıxış imkanlarını genişləndirirlər. Dördüncüsü, manatın sabitliyinin qorunması üçün daha yüksək kredit reytinqi əlverişli şərait yaradır. Təsadüfi deyil ki, “Fitch”in proqnozuna görə, Azərbaycan manatının dollara nisbətdə məzənnəsi növbəti iki il ərzində 1,7 manat səviyyəsində qalacaq. Beşincisi, kredit reytinqi yüksəldikcə qiymətli kağızlar bazarı da inkişaf edir. Altıncısı, kredit reytinqi Azərbaycandakı özəlləşdirmədə xarici investorların iştirakını sürətləndirəcək.”
Onun sözlərinə görə “Fitch” beynəlxalq reytinq agentliyinin Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozunu yüksəltməsi bir daha 2018-ci ilin Azərbaycanda iqtisadi inkişaf ili olacağı barədə Prezident İlham Əliyevin fikrini təsdiqləyir.
Hər üç nüfuzlü agentliyin Azərbaycanın kredit reytinqini demək olar ki, eyni səviyyədə təsdiq etməsini şərh edərkən Vüsal Qasımlı aşağıdakıları bildirib:
- Hər üç agentliyin verdiyi reytinq neqativdən stabilə dəyişdirilib. Neqativ perspektivdə reytinqin azalma ehtimalının olduğunu bildirdiyi halda, stabil reytinq bu ehtimalı azaldır və reytinqin artma ehtimalının da olduğunu göstərir. Beləliklə, hər üç agentlik Azərbaycan iqtisadiyyatının perspektivi ilə bağlı daha nikbin kredit reytinqi müəyyənləşdiriblər.
- Adətən bu kredit reytinq agentliklərindən birinin verdiyi reytinq digərləri tərfindən də təsdiq olunanda investor rəyinə daha da əhəmiyyətli təsir göstərir. Bu baxımdan Azərbaycanın kredit reytinqi hər üç agentlik tərəfindın eyni dərəcədə qiymətləndirildiyinidən investorlarda inamı gücləndirir.
- Azərbaycan Qazaxıstan və Rusiya ilə birlikdə MDB məkanında kredit reytinqi ən yüksək olan ölkədir. Azərbaycanın kredit reytinqləri hətta Türkiyə ilə müqayisədə daha yaxşı vəziyyətdədir. Nəzərə asaq ki, Qazaxıstan və Rusiya daha aşağı kredit reytinqi olan ölkələrlə birlikdə eyni iqtisadi zonanın üzvləridir, Azərbaycan faktiki olaraq yerləşdiyi bölgədə ən cəlbedici kredit reytinqinə malik ölkədir. Bu isə investorların diqqətindən yayına bilməz.
- Azərbaycan növbəti dəfə kredit reytinqini investisiya dərəcəsinə yüksəltmək imkanına malikdir.
İİTKM-in icraçı direktoru əlavə edib ki, məşhur “Trading Economics” saytı hər üç agentliyin verdiyi kredit reytinqlərini, həmçinin iqtisadi göstəricilər və maliyyə bazarlarını nəzərə almaqla 100 ballıq şkala ilə ölkələrin kredit reytinqlərini tərtib edib. Azərbaycan bu reytinqdə MDB-də Qazaxıstanla eyni kateqoriyada liderlik edir, BRİCS ölkələrindən isə Rusiya, Braziliya, Hindistan və Cənubi Afrikanı geridə qoyur: “Trading Economics-in hazırladığı cədvəldə Azərbaycanın daxil olduğu aşağı orta kredit reytinqi qrupuna ölkəmizlə yanaşı İtaliya, Polşa, İslandiya, Litva və Malayziya kimi dövlətlər daxildir. ”
Onun sözlərinə görə artıq maliyyə-bank sektorunda da ilkin müsbət trendlər hiss olunur: “Manatın sabitliyi, inflyasiyanın getdikcə səngiməsi, dollarlaşmanın azalması, bankların mənfəətinin artması, kapital inyeksiyaları və s. maliyyə-bank sektorunda aparılan islahatların nəticə verdiyini göstərir ki, bu da kredit reytinqimizə müsbət təsir göstərir.”