Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opu qəbul edib. Vüsal Qasımlı bildirib ki, Azərbaycan və Cənubi Koreya iqtisadi inkişaf modellərinin müqayisəsi, təcrübə və fikir mübadiləsi əhəmiyyətlidir.
Görüşdə xüsusilə 4-cü sənaye inqilabı şəraitində Azərbaycan və Cənubi Koreya arasında innovativ inkişaf, insan kapitalı, idarəetmə, biznes həlləri, ticarət əlaqələri və sərmayə qoyuluşu kimi məsələlər müzakirə olunmuşdur. Qərara alınmışdır ki, Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Koreya İnkişaf İnstitutu birlikdə “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübələri” mövzusunda beynəlxalq konfrans keçirsin. Səfir Kim Tonq Opa İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin layihələri – Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə məlumat verilib.
Sonda səfir Kim Tonq Opa “Doing Business 2020” islahatlarına həsr olunan islahat icmalı təqdim olunub.