Azərbaycan məhsullarının ixracına dair yeni müqavilələr bağlanıb

Moskvada keçirilən “Worldfood Moscow 2018” Sərgisi başa çatıb.

BBN.az xəbər verir ki, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 35 Azərbaycan şirkətinin istehsal etdiyi  qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları sərgi ziyarətçilərinə və xarici şirkətlərə təqdim olunub.

Vahid ölkə stendində təqdim olunan yerli məhsullarımız böyük marağa səbəb  olub. Belə ki, Azərbaycanın “Ləzzət Qida Sənaye” şirkəti Rusiyanın “Qurman produkti”,  “Svital TD” şirkətləri,  İsrailin “Myasnoy Qerbiya”,  BƏƏ-nin “ Agthia”, Fələstin “Ayman” şirkəti ilə  istehsal etdiyi məhsulların ixracına dair müzakirələr  aparıb.

Azərbaycanın  “Balxurma” şirkəti Rusiyanın “Maqnit”, “Ashan”,”Ptyorçka”, “Azbuka Vkusa”, “Vkus Vill” supermarketlər şəbəkələri ilə istehsal etdiyi məhsulların satışına dair danışıqlar aparıb.

Ölkəmizdə   istehsal olunan  digər məhsullar kimi, meyvə-tərəvəz  məhuslları da xarici şirkətlərin diqqətini cəlb edib. Azərbaycanın “Grow Group” şirkəti ilə Rusiyanın “O Key Group” şirkəti arasında pomidor ixracına dair müqavilə imzalanıb. Azərbaycanın “Zirə Foods” şirkəti isə Rusiyanın “Maqnit” supermarketlər şəbəkəsində həftəlik 100 ton pomidorun satışına dair razılıq əldə edib. Bundan başqa, “Bakı Agropark” şirkəti ”Ptyorçka”, “Billa”, “Prekryostok” mağazalar şəbəkəsində məhsulların satışına dair ilkin razılığa gəlinib. “Binə Aqro” şirkəti ilə Rusiyanın “Maqnit”, “Ptyorçka” ticarət şəbəkələri və “Belaya Daça”( Horeca) şirkəti arasında Azərbaycan məhsulların satışına dair müqavilə imzalanıb. Bununla yanaşı, “Binə Aqro” şirkəti ilə Dağıstan şirkəti arasında istixana komplekslərinin  tikintisinə dair razılıq əldə edilib.

Yerli məhsullar arasında həm dadı, həm də keyfiyyəti ilə seçilən Azərbaycan şərabları da ziyarətçilərin böyük marağına səbəb olub. “Aqro-Azerinvest” şirkəti və Tacikistanın “STK Faraqis” şirkəti arasında  şərab və digər spirtli içkilərin ixracına dair ilkin razılıq əldə olunub. Azərbaycanın “Mars-FK” şirkəti Rusiyanın “Billa”, Moldovanın “Karpineks plyus”, Latviyanın “Dzintars” ticarət şəbəkələrində nar məhsulunun satışına dair müqavilə imzalayıb. “

Ötən il olduğu kimi, bu il də Azərbaycan “Worldfood Moscow 2018” sərgisinin rəsmi tərəfdaşı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır