“Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayır

Azərbaycanın ilk dəfə ekskluziv partnyor olduğu 26-cı “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayır. Sentyabrın 14-dək davam edəcək sərgidə dünyanın 65 ölkəsindən 1500-dən çox şirkətin məhsulları nümayiş olunacaq.

Belə ki, sərgidə 30-dan çox ixracatçı Azərbaycan şirkətinin məhsulları növbəti dəfə vahid ölkə stendi ilə nümayiş olunacaq. Vahid Azərbaycan stendində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə yerli şirkətlərimizin istehsal etdiyi meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, meyvə-tərəvəz, süd məhsulları, çay, fındıq, qənnadı məmulatları və konservləşdirilmiş qida məhsulları təqdim ediləcək.

Sərginin ilk günü – sentyabrın 11-də Azərbaycan stendinin tədbirdə iştirak edən müxtəlif ölkələrin nümayəndə heyəti rəhbərləri tərəfindən ziyarət olunması, ölkəmizin biznes və investisiya mühitinin, Azərbaycan mətbəxinin, milli musiqimizin və rəqslərimizin təqdim edilməsi nəzərdə tutulur.

Qeyd edək ki,  “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır