Vüsal Qasımlı www.enterpriseazerbaijan.com portalını Silikon vadisində təqdim edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ABŞ-ın San-Fransisko şəhərinə səfər edib. Səfərin məqsədi www.enterpriseazerbaijan.com portalının ABŞ investorlarına təqdim edilməsi olub. V.Qasımlı səfərin gedişində Silikon Vadisində aparıcı mələk, toxum və vençur investorlarla görüşlər keçirərək, Portal barədə onlara ətraflı məlumatlar təqdim edib. Müzakirələr zamanı Azərbaycanda startup layihələri, biznes ideyalarının maliyyələşdirilməsi imkanlarından danışılıb. Eyni zamanda www.enterpriseazerbaijan.com portalındakı layihələrin ABŞ-da kraudfandinq və kraudinvestinq edilməsi ilə bağlı  müzakirələr aparılıb.

BBN.az xəbər verir ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı həmçinin ABŞ-ın Kommersiya Xidmətinin Silikon vadisindəki nümayəndələri ilə də görüşlər keçirib. Ümumi müzakirələr zamanı qeyd olunub ki, Azərbaycanda aparılan iqtisadi islahatlar ölkədə ictimai siyasi və makroiqtisadi sabitlik və yaradılan infrastruktur, ölkənin Şərq-Qərb və Şimal – Cənub dəhlizlərində yerləşdirilməsi bu ölkəyə sərmayə yatırılması imkanlarını genişləndirir. V. Qasımlı bildirib ki, görüşlər zamanı ABŞ investorlarının diqqətini daha çox Azərbaycanda həyata keçirilən layihələr, biznes, regional bazarlara yaxşı çıxış imkanları cəlb edib.

Vüsal Qasımlı Azərbaycanda həyata keçirilən innovativ layihələr, elektron hökumət, Rəqəmsal Ticarət Qovşağı və s. barədə məlumat verib. ABŞ inverstorları xüsusən də Silikon Vadisində olan investorlar innovativ inkişafla bağlı çox maraqlı olduqlarını qeyd ediblər. Bu sahədə həyata keçirilən strateji yol xəritələrində yer alan innovativ inkişaf, texnologiyaların təşviqi və insan kapitalının inkişafı məsələləri də müzakirə mövzusu olub.

Qeyd edək ki, “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsi   Prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb. Bu portal Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olacaq.

Portalın yaradılması həm də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin 3.1.1-ci “İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi” tədbirinin icrasına da xidmət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır