6 mart tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılmış “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun iclası keçirilib.
İclasda ABA-nın “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupun sədri Aydın Hüseynov, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri və Qrupun digər üzvləri iştirak edib.
İclas zamanı müxbir hesabların açılması və bağlanması, müxbir hesablarda əməliyyatlar zamanı qarşıya çıxan çətinliklər barədə məsələlər müzakirə edilib.
Həmçinin iclasda, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə” Ekspert Qrupunun müzakirə edəcəyi mövzular haqqında fikir mübadiləsi aparılıb. Qanunvericilik və hüquqi normativ sənədlər, maliyyə bazarları və birjalar, maliyyə alətləri, tənzimləyici orqan və əlaqədar dövlət qrumları ilə koordinasiya, fondların idarə olunması kimi məsələlərə toxunulub.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.