Xalid Əhədov: “Xarici öhdəliklərin restrukturizasiya prosesinin Azərbaycan Beynəlxalq Bankının müştərilərinə hər hansı şəkildə təsiri yoxdur”

Ötən həftə ölkənin iqtisadi gündəmi üçün son dərəcə diqqətçəkən bir xəbər yayıldı. Regionun ən böyük bankı olan Azərbaycan  Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyasına başlanması elan olundu. Sadə dildə desək, bu dövlət bankının xarici borcları birbaşa dövlətə ötürüləcək və həmin borcları Azərbaycan dövləti ödəyəcək.

Belə bir addımda məqsəd nədir? Bu qərar nələrə təsir göstərə bilər? Suallarımıza Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov cavab verəcək:

            -Xalid müəllim, bu məsələ müxtəlif çevrələrdə hələ də müzakirə olunmaqdadır. Elə biz də söhbətə konkret sözdən başlamaq istərdik: niyə  restrukturizasiya?

– Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası ölkənin maliyyə sektoru üçün çox önəmli proses olduğundan yerli və beynəlxalq mətbuatın məsələyə bu qədər diqqət ayırması anlaşılandır. Ən böyük bankların belə dəfələrlə tətbiq etdiyi restrukturizasiya nədir, əvvəlcə bunun mahiyyətini qısaca izah edim. Hər bir bankın var aktivləri, var aktivlərin mənbəyi olan öhdəlikləri və bir də var aktivlərlə öhdəliklər arasındakı fərqdən ibarət olan kapitalı. Əgər bankın kapital çatışmazlığı yaranırsa, ya aktivlərlə bağlı, ya öhdəliklərlə bağlı, yaxud eyni vaxtda bunların hər ikisi ilə bağlı nələrsə etmək lazımdır ki, kapital mövqeyi düzəlsin. Son illər Azərbaycan Beynəlxalq Bankında  baş verənlər barədə cəmiyyət kifayət qədər məlumatlıdır. Bütün bunlar, eləcə də dünya bazarında neftin qiymətinin ucuzlaşması və bunun ölkəmizin makroiqtisadi vəziyyətinə ziyanlı təsirləri bankın maliyyə durumuna əhəmiyyətli şəkildə təsir göstərib. Nəticədə, bank 2016-cı ili zərərlə başa vurub. Ona görə də bankın xarici öhdəliklərinin restrukturizasiya edilməsi məsələsi gündəmə gəlib. Könüllü restrukturizasiya qərarı bu fəsadın aradan qaldırılmasına, Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyinin güclənməsinə hesablanmış bir qərardır.

Əgər Bankın sağlamlaşdırılması proqramı ilkin mərhələdə yalnız aktivlər  tərəfində tədbirləri nəzərdə tuturdusa (söhbət 2015-2016-cı illərdə bankın 10 milyard manatlıq toksik aktivinin Aqrarkredit təşkilatına ötürülməsindən gedir) – indi ikinci mərhələ olaraq öhdəliklər tərəfində də tədbirlər həyata keçirilir. Yəni, bankın xarici kreditorlar qarşısındakı öhdəlikləri bankın balansından çıxarılaraq dövlətin balansına keçirilir. Beləliklə, bir tərəfdən aktivlərlə bağlı tədbirlər, digər tərəfdən öhdəliklərlə bağlı tədbirlər Azərbaycan Beynəlxalq Bankının kapital səviyyəsinin bərpasını təmin edəcək.

Bu, dünyada bankların sağlamlaşdırılması zamanı tətbiq edilən üsullardan biridir. İki cür restrukturizasiya forması var: məcburi və könüllü. Məcburi restrukturizasiya, adından da göründüyü kimi, ödəmə qabiliyyətini tam itirmiş bankların tənzimləyici orqanın qərarı ilə məcburi şəkildə bu prosesə başlamasıdır.

Könüllü restrukturizasiya isə bankın kreditorları ilə qarşılıqlı razılıq əsasında həyata keçirilən və bankın güclənməsinə xidmət edən bir prosesdir. Son onillikdə, xüsusilə qlobal maliyyə böhranı zamanı ayrı-ayrı ölkələrin ABŞ-ın, Böyük Britaniyanın, İrlandiyanın və s. praktikasında bank öhdəliklərinin könüllü restrukturizasiyası effektiv nəticələr verib. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən sağlamlaşdırma prosesi keçən Azərbaycan Beynəlxalq Bankının da sağlamlaşdırılmasının növbəti mərhələsi kimi məhz bu təcrübədən istifadə olunacaq.

-Yerli müştəriləriniz bu restrukturizasiya prosesindən nə gözləməlidirlər?

Xarici öhdəliklərin restrukturizasiya prosesinin Azərbaycan Beynəlxalq Bankının müştərilərinə, hüquqi və fiziki şəxslərin bankdakı vəsaitlərinə, onların bankla əlaqədar istənilən fəaliyyətinə hər hansı şəkildə təsiri yoxdur. Çünki xarici öhdəliklərin restrukturizasiyası prosesi onları əhatə etmir. Hətta deyərdim ki, bu, müştərilərimizin faydasına olan bir qərardır. Çünki bank xarici öhdəliklərdən azad olaraq daha bu öhdəliklərə xidmət etmir, bu öhdəlikləri dövlət ödəyir, bank isə güclənməyə, inkişafa, digər strateji məqsədlərinə fokuslanır. Nəticədə müştərilərimizin bankı daha sağlam və güclü maliyyə institutuna çevrilir.

İlk gündən bütün kommunikasiyamızda bu mesajı verməyə çalışmışıq və mən çox şadam ki, bütün müştərilərimiz bunu anlayışla qarşıladılar. Bəzi KİV-lərdə həqiqəti əks etdirməyən yazılar çıxsa da, müştərilərimiz Azərbaycan Beynəlxalq Bankına olan loyallıqlarını nümayiş etdirdilər.

– Könüllü restrukturizasiya qərarı elan olunduqdan sonra beynəlxalq reytinq agentlikləri, konkret Fitch və Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini aşağı saldı…

-Beynəlxalq reytinq agentliklərinin açıqlamalarına Bankın verdiyi şərhdə də qeyd etdiyimiz kimi, bu, normal bir praktikadır və bizim üçün gözlənilən qərardır. Belə bir hal, xarici ölkələrdə eyni prosesi keçmiş maliyyə qurumlarının təcrübəsində də baş verir. Adətən, restrukturizasiya prosesi dövründə maliyyə qurumlarının reytinqləri qısa müddətdə aşağı düşür və proses başa çatdıqdan sonra reytinqlər yenidən bərpa olunur. Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin aşağı salınması da müvəqqəti xarakter daşıyır. Restrukturizasiya prosesi başa çatdıqdan sonra Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin yenidən yüksəldiyini görəcəyik. Reytinq agentlikləri özləri də hesabatlarında bunu qeyd ediblər.

– Azərbaycan Beynəlxalq Bankının törəmə banklarının, “ABB – Moskva”nın və “ABB-Gürcüstan”ın da xarici öhdəlikləri restrukturizasiya ediləcəkmi?

-Artıq qeyd etdiyim kimi, Azərbaycan Beynəlxalq Bankının fiziki və korporativ müştəriləri restrukturizasiya prosesinin tərkib hissəsi olmadığı kimi, bizim törəmə müəssisələrimizə də bu proses şamil olunmur. Azərbaycan Beynəlxalq Bankının törəmə banklarının öhdəliklərinin strukturunda xarici kreditorlar yoxdur. “ABB – Moskva”nın və “ABB-Gürcüstan”ın  2016-cı il üzrə maliyyə nəticələri bu bankların saytında yerləşdirilib. Həmin nəticələrə nəzər yetirsəniz, görərsiniz ki, hər iki törəmə bankımızın maliyyə durumunun adekvatlığı onların fəaliyyət göstərdiyi Rusiya və Gürcüstanın Mərkəzi Banklarının müəyyən etdiyi normativ tələblərdən dəfələrlə yaxşıdır. Ona görə də bu bankların hər hansı xarici öhdəliklərinin restrukturizasiyasından söhbət gedə bilməz. Onlar fəaliyyətlərini normal qaydada davam etdirirlər.

– Ötən həftəsonu Azərbaycan Beynəlxalq Bankı ilə bağlı bir sensasion məlumat da Bankın, xarici öhdəliklərin restrukturizasiyası qərarı ilə bağlı Nyu-York məhkəməsinə müraciət etməsindən ibarət oldu. Bu sual bir çoxları üçün hələ də anlaşılmaz qalır: niyə başqa bir ölkə yox, məhz Amerika məhkəməsi? 

“Niyə Amerika məhkəməsi” sualının iki cavabı var: birincisi Azərbaycan Beynəlxalq Bankının heç də dünyanın bütün ölkələrində əhəmiyyətli aktivləri yoxdur, amma ABŞ-da müəyyən həcmdə aktivləri var. Bank xarici müxbir hesablarındakı vəsaitləri ABŞ dolları ilə saxlayır.

Yenə soruşa bilərsiniz, niyə başqa ölkələrin valyutaları ilə yox?! Məsələ burasındadır ki, dünyada aparılan mübadilə əməliyyatlarının 87 faizindən çoxu məhz ABŞ dolları ilə baş verir. Bu səbəbdən banklar xarici ölkələrdəki aktivlərini ABŞ dolları ilə saxlayırlar. Ona görə də Azərbaycan Beynəlxalq Bankı xarici öhdəliklərinin restruturizasiyası prosesinin ABŞ-da tanınması və bu səbəbdən kreditorlar tərəfindən ABŞ məhkəmələri vasitəsilə onun aktivlərinə qarşı iddia qaldırılmasının qarşısının alınması məqsədilə Nyu-York məhkəməsinə müraciət etdi və bu müraciətimiz məhkəmə tərəfindən təmin olundu. Bu da bütün dünyada restrukturizasiya proqramının ayrılmaz hissəsidir.

“Niyə Amerika məhkəməsi?” sualının ikinci cavabı isə bundan ibarətdir ki, bizim restrukturizasiya predmeti olan xarici öhdəliklərimiz arasında ABŞ qanunvericiliyinə əsasən bağlanmış əqdlər də var. Ona görə bu ölkənin məhkəməsinə müraciət etmişik. Əslində Nyu York məhkəməsinin qərarı bizim maraqlara cavab verir.

– Restrukturizasiya qərarı elan olundu, fikirlər, rəylər açıqlandı, maraqlıdır, indi bundan sonra nə baş verəcək?

– Restruktruzizasiya planı var, bu sənəd bankın saytında yerləşdirilib, ona uyğun addımlar atılacaq. Növbəti mərhələdə mayın 23-də Londonda xarici kreditorlarla görüş keçiriləcək. Qanuna uyğun olaraq müvafiq səs çoxluğu əsasında adekvat qərarlar qəbul ediləcək. Kreditorların hər hansı qərara səs verməsindən ötrü ən mühüm amil, təbii ki, tətbiq ediləcək planın ədalətli olmasıdır. Bu da qarşılıqlı danışıqlardan asılı olan məsələdir. Mayın 23-də xarici kreditorlarımızla müzakirələr aparacağıq və Azərbaycan dövlətinin bu vəsaitləri nə zaman, hansı şərtlərlə qaytarması barədə razılaşmalar əldə ediləcək.

-Söhbət nə qədər kreditordan gedir?

-Xarici öhdəliklərin könüllü restrukturizasiyası prosesi, ümumilikdə 37 əqdi əhatə edir.

-Bu günlərdə mətbuatda Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlardan biri qarşısındakı 100 milyon dollarlıq öhdəliyini yerinə yetirməkdən imtina etməsi xəbəri yayıldı…

– Bu da, qeyd etdiyimiz həmin 37 əqddən biridir. Bütün dünyada qəbul edilmiş işgüzar təcrübə var ki, restrukturizasiya qərarı elan olunduqdan sonra bank bir kreditor qarşısında öhdəliklərini yerinə yetirib, digərinin ödənişlərindən imtina edə bilməz. Bu zaman, o biri kreditorlarımızın maraqlarına xələl gətirmiş olarıq. Mayın 23-də keçirilən görüşdən sonra həmin kreditorumuz qarşısındakı öhdəliklərlə bağlı məsələ də müsbət həllini tapacaq.

-Azərbaycan Beynəlxalq Bankının gələcək planları nədən ibarətdir?

– Hazırda Bankın sağlamlaşdırılması prosesinin növbəti mərhələsinə paralel olaraq bir sıra strateji layihələr yerinə yetirilir. Bankın filiallarında biznes prosesləri optimallaşdırılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər fəaliyyətin çevikliyini, effektivliyini, ən əsası isə müştərilərimizə daha keyfiyyətli xidməti təmin edəcək.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15 iyul 2015-ci il tarixli Fərmanına uyğun olaraq restrukturizasiya prosesi başa çatdıqdan sonra bankın özəlləşdirilməsinə hazırlıq başlanacaq. Özəlləşdirməyə hazırlıq kifayət qədər böyük bir layihədir və bu, bankın gələcəyə baxan aydın strategiyaya malik olmasını tələb edir. Çünki potensial investorlar bankın necə mənfəət qazanacağını bilmək istəyəcəklər. Restrukturizasiya bitdikdən sonra biz belə bir strategiyanı hazırlayıb bankın səhmdarlarına təqdim edəcəyik  və strategiyanın təsdiqindən sonra dərhal onun icrasına başlanacaq.

Hazırda Bankın institusional inkişafı istiqamətində işlər gedir. Bir sıra strateji istiqamətlərdə komandaya yeni peşəkar üzvlər cəlb olunur. Bizim üçün xoşdur ki, elan etdiyimiz vakansiyalar böyük maraqla qarşılanır. Bank sektorunda kifayət qədər təcrübəsi olan bir çox peşəkarlar bizimlə birgə çalışaraq Azərbaycan Beynəlxalq Bankının uğur hekayəsinin bir hissəsi olmağa həvəs göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır