İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə martın 7-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində istehlakçı hüquqlarına dair Konfrans keçirilib.
“Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.
Həmin gün həmçinin, Xaçmaz rayonunda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təlim kursu keçirilib. Dövlət Xidmətinin əməkdaşları tərəfindən dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Tədbirlərdə Xaçmaz rayonunun aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin nümayəndələri və 200-ə yaxın istehlakçı iştirak edib.