“Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili” mövzusunda tədbir keçirilib

İyulun 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili” mövzusunda tədbir keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sahibkarlar iştirak edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın davamlı inkişaf etdirilməsi və diversifikasiyası, qeyri-neft sektorunun inkişafi, sənayedə rəqabətqabiliyyətli və ixracyönümlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, iqtisadi fəallığın artırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

Diqqətə çatdırılıb ki, sənaye sahəsində biznes fəaliyyətinin dəstəklənməsi və istehsal sahəsində məşğulluğun artırılması məqsədi ilə sənaye zonaları yaradılır, sənayenin inkişafında əhəmiyyətli olan sənaye parklarında və sənaye məhəllələrində sahibkarların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur qurulur, güzəştli rejim tətbiq olunur və sənaye zonalarına sahibkarların marağı artır.

Hazırda ölkədə kimya, təkrar emal, gəmiqayırma, yüngül sənaye, əczaçılıq və digər sahələrdə ixtisaslaşmış 5 sənaye parkı və 4 sənaye məhəlləsi yaradılıb. İxracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə investisiya təşviqi mexanizminin tətbiqi öz töhfəsini verir. Belə ki, indiyədək 251 sahibkarlıq subyektinə 283 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manatdan artıq investisiyanın yatırılması və 19 minədək yeni iş yeri açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir.

Sənaye zonalarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Ümumi dəyəri 3,6 milyard dollar olan layihələr üzrə sənaye parklarına indiyədək 2,6 milyard ABŞ dollarınadək investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1 milyard dollaradan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov sənaye parkları, burada rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastuktur barədə məlumat verib, rezidentlərin 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eyni zamanda parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad olunduğunu qeyd edib. Vurğulanıb ki, regionun ən iri sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında bu ilin 18 iyul tarixində Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə “SOCAR Polymer”in Polipropilen İstehsalı Zavodu istismara verilib. Hazırda Sənaye Parkında 8 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisənin, o cümlədən SOCAR Polymerin Yüksək sıxlıqlı polietilen istehsalı zavodunun  istifadəyə verilməsi nəzərdə tutulur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov kiçik və orta sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, onlara göstərilən dəstəyin ünvanlılığının təmin edilməsi və bu sahənin inkişafının stimullaşdırılması məqsədilə yaradılmış agentliyin fəaliyyətinin təşkili istiqamətində tədbirlərin görüldüyünü, qurumun KOS-lara dəstək tədbirləri barədə danışıb, göstərilən xidmətlərin bir məkanda – “Kiçik və Orta Sahibkarlıq Evi”ndə birləşdirəcəyini qeyd edib.

“SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov məlumat verib ki, hazırda ölkəmiz aşağı sıxlıqlı polietileni ixrac, yüksək sıxlıqlı polietileni isə idxal edir. “SOCAR Polymer” layihəsinin əsas məqsədi bu sahədə idxalın aradan qaldırılmasıdır. İstehsal ediləcək məhsulların daxili bazarla yanaşı, Türkiyə və Avropa bazarlarına çıxarılması planlaşdırılır. Artıq illik istehsal gücü 180 min ton olan polipropilen istehsal xətti istismara verilib və bu ilin sonuna kimi isə illik istehsal gücü 120 min ton olan yüksək sıxlıqlı polietilen istehsalı xəttinin istismara verilməsi nəzərdə tutulur. Xammal olaraq “Azərkimya” İstehsalat Birliyinin istehsal etdiyi propilen və etilendən istifadə olunacaq.

Sahibkarlarla “SOCAR Polymer”in məhsullarından istifadə imkanlarına dair müzakirələr aparılıb, sahibkarların çıxışları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonra “Sumqayıt Kimya Sənaye Parkı” MMC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “SOCAR Polymer” MMC ilə polimer istehlakçısı olan müəssisələr arasında anlaşma memorandumları imzalanıb.

Ümumilikdə, indiyədək 18 müəssisə ilə polimer məhsullarının istehsalı üzrə əməkdaşlığa dair razılaşmalar imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır