Xaricdən onlayn sifarişlə gətirilən telefonlara vergi necə tədbiq olunacaq?

Xaricdən onlayn sifarişlə gətirilən telefonlara vergi necə tədbiq olunacaq?

Bu suala Vergilər Nazirliyi rəsmi internet səhifəsində cavab verib.

Cavabda bildirilir ki, virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına sayından asılı olmayaraq yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.

Müəyyən şərtlər nəzərə alınmaqla fiziki şəxsin şəxsi istehlakı üçün alınan malların güzəştli qaydada (gömrük ödənişlərini, yəni gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq ödənilmədən) gömrük sərhədindən keçirilməsi nəzərdə tutulur və bu da öz əksini “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda tapmışdır.

Həmin Qaydalarla tanış olmaq, aydın olmayan məqamlar barədə məlumatın alınması üçün aidiyyəti üzrə bu sahədə səlahiyyətli qurum olan Dövlət Gömrük Komitəsinin 195-7 Çağrı Mərkəzinə müraciət etmək tövsiyə olunur.

Bununla yanaşı, bildirilib ki, mobil cihazların qeydiyyata alınması zamanı dövlət rüsumunun tətbiqini tənzimləyən ““Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu” 2018-ci il iyulun 1-dən qüvvəyə minmişdir.

Qeyd olunan qanuna əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və ƏDV tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tutulur, mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri isə hər il üçün Nazirlər Kabineti tərəfindən müəyyən olunur ki, “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” də Nazirlər Kabinetinin 31.07.2018-ci il tarixli 336 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Mobil cihazların qeydiyyatı ilə bağlı ətraflı məlumat almaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmək tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır