2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac olunmuş, 171 ölkədən idxal olunub.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 26534,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17281,7 milyon dollar, idxalın dəyəri 9252,6 milyon dollar təşkil etmiş, nəticədə 8029,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,4 faiz, o cümlədən ixrac 38,3 faiz, idxal 33,0 faiz artmışdır. Real ifadədə isə dövriyyə 1,3 faiz, o cümlədən ixrac 1,0 faiz, idxal 1,9 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 27,7 faizini İtaliyaya, 9,3 faizini Türkiyəyə, 6,3 faizini İsrailə, 4,7 faizini Hindistana, hər biri 4,5 faiz olmaqla Çexiya və Tayvana (Çinin əyaləti), 4,3 faizini Almaniyaya, 3,5 faizini Kanadaya, 3,4 faizini İndoneziyaya, 3,2 faizini Rusiyaya, 3,0 faizini Portuqaliyaya, 2,8 faizini Fransaya, 2,7 faizini Gürcüstana, qalan 20,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,0 faizi Rusiya, 14,2 faizi Türkiyə, 10,3 faizi Çin, 5,7 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,4 faizi İsveçrə, 3,9 faizi Ukrayna, 3,7 faizi Yaponiya, 3,3 faizi İran, 3,0 faizi İtaliya, 2,1 faizi Birləşmiş Krallıq, 1,8 faizi Cənubi Afrika Respublikası, 26,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2018-ci ilin yanvar-oktyabr aylarında 1351,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 10,9 faiz, real ifadədə isə 1,7 faiz çoxdur.