“Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilib.
BBN.az xəbər verir ki, qaydalara edilən əlavəyə əsasən, idman yarışlarının nəticələrinə görə qeyri-rezidentlərə ödənilən mükafat və digər haqlarla bağlı köçürmələr də Azərbaycandan kənara bank hesablarından xarici valyutada köçürmələr üzrə aparılan əməliyyatlar siyahısına daxil edilib. Belə köçürmələr müvafiq məbləğlərin ödənilməsini təsdiq edən sənəd banka təqdim edilməklə aparılır.
Digər dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. İndiyə qədər isə bu müddət 180 gün idi.
Qeyd edək ki, digər əlavə və dəyişikliklərlə keçid vasitəsi ilə tanış ola bilərsiniz.