28 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” (Qaydalar) təsdiq edildi və bu tarixdən 10 gün sonra qüvvəyə mindi. Bəs bu qaydaların həyata keçirilməsinə nəzarət hansı orqan tərəfindən həyata keçirilir? – Qaydaları qəbul edən Azərbaycan Mərkəzi Bankı (AMB) , yoxsa adından da göründüyü kimi Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata)?
BBN.az xəbər verir ki, bununla əlaqədar Mərkəzi Bank açıqlama verib.
Açıqlamaya əsasən, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarına edilmiş son dəyişikliklərə əsasən, AMB-nin kredit təşkilatlarına nəzarət səlahiyyəti ləğv edilib və həmin səlahiyyətlər Palataya həvalə edilib. Odur ki, kredit təşkilatlarının fəaliyyətinə nəzarət çərçivəsində Qaydaların tələblərinə əməl edilməsinə nəzarət Palata tərəfindən həyata keçirilir.