Bu ilin aprel ayında banklar tərəfindən verilən kreditlərin həcmi 15 453.5 mln. manat təşkil edib. Vaxtı keçmiş kreditlərin həcmi isə 1 594 mln. manat və ya cəmi kredit portfelinin 10.3% təşkil edib. Bu nisbət ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz bəndi daha çoxdur.
Bu haqda Mərkəzi Bankın açıqladığı statistik göstəricilərdən məlum olur.
Kreditlərin valyuta strukturu üzrə analiz etdikdə isə bu bölgünün fərqli paylandığı görünür. Belə ki, hesabat dövründə milli valyutada olan kreditlərin problemli olan hissəsi 9% olsa da, xarici valyutada olan kreditlərdə bu pay 11.7% təşkil edib. İllik artımda da fərqliliklər müşahidə edilməkdədir. Milli valyutadakı kreditlərin problemli olan hissəsi illik olaraq 1.5 faiz bəndi artsa da, xarici valyutada bu artım 3 dəfə daha çox, yəni 4.5 faiz bəndi təşkil edib.