Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda olub

Daşınmaz əmlaka dair çıxarış almaq üçün məkanı dəyişməyə, zamanı planlaşdırmağa ehtiyac qalmır. Bu məqsədlə komitə 16 iyul tarixindən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verib.

BBN.az xəbər verir ki, Abşeron rayonun Ceyranbatan qəsəbəsində reallaşan ilk belə sosial layihənin növbəti ünvanı rayonun Saray qəsəbəsi olacaq. 23-27 iyul tarixlərində qəsəbənin V.Axundov küçəsi, 28 ünvanında reallaşacaq kampaniya zamanı ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var.

Müxtəlif ərazilərdə əhalini kütləvi formada çıxarışlarla təmin edən digər bir sosial layihə növbəti dəfə 20 iyul tarixində reallaşıb. Bu dəfə xidmətləri vətəndaşın olduğu məkanda  göstərən mobil ofislərin ünvanı Yevlax rayonu olub. Kampaniya zamanı rayonun Nərimanabad, Səmədabad və Bünyadabad kəndlərinin sakinləri daşınmaz əmlak xidmətlərindən yararlandılar. Birbaşa yaşayış ünvanlarına gətirilən, əlçatanlıq amilini özündə əks etdirən qeydiyyat prosesindən 150-yə yaxın sakin istifadə edib.

Rayonda baş tutan layihə çərçivəsində mobil ofislərdə 100-ə yaxın sakinə əmlaka dair çıxarışlar təqdim olundu. Bunlardan 60-a yaxını Nərimanabad, 20-yə yaxını Bünyadabad, 10-dan çoxu isə Səmədabad kəndinə aid olub. Verilən çıxarışların əksəriyyətini kənd təsərrüfatı torpaqları, fərdi yaşayış evləri, həyətyanı torpaqlar təşkil edib. Kampaniya zamanı 50-yə yaxın rayon sakinindən çıxarışın hazır olunacağı vaxt bildirilməklə ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır