Azərbaycanda xurma istehsalı və ixracı ilə məşğul olan sahibkarların təşəbbüsü və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.
Bununla bağlı avqustun 16-da Göyçay rayonunda İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun dəstəyi, Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçay və ətraf rayonlarda xurma istehsalı və ixracı ilə məşğul olan 50-ə yaxın sahibkarın iştirakı ilə tədbir keçirilib.
Tədbir çərçivəsində iştirakçılarının təklifi əsasında Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis edilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Assosiasiyanın dövlət qeydiyyatı ilə bağlı təşkilati məsələlərə dair müzakirələr aparılıb, “Siracoğlu Fermer Təsərrüfatı” şirkətinin rəhbəri Qədir Yusifov assosiasiyanın İdarə Heyətinin sədri seçilib.