Yanvar ayında əsas kapitala yönəldilmiş vəsaitin həcmi açıqlanıb

2018-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 960,3 milyon manat vəsaitin 362,7 milyon manatı və ya 37,8 %-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 68 % artıb.

Ümumi sərmayənin 72,4 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 83,5 %-i məhsul istehsalı obyektlərinin, 11 %-i xidmət sahələri üzrə obyektlərin, 5,5 %-i isə ümumi sahəsi 121 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52,1 %-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 81,4 %, bank kreditləri 6,7 %, büdcə vəsaitləri 6,1 %, əhalinin şəxsi vəsaitləri 5,2 %, büdcədənkənar fondların vəsaitləri isə 0,6 % təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır