AMB və Dünya Bankı Qrupu yaradıcılıq müsabiqəsinin qaliblərini mükafatlandırıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) Dünya Bankı Qrupu ilə əməkdaşlıq çərçivəsində 2018-ci ilin 15 fevral – 30 mart tarixlərində 18-25 yaşlı gənclər arasında “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə yaradıcılıq müsabiqəsi keçirib.

BBN.az xəbər verir ki, müsabiqənin məqsədi müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə gənclərin diqqətini yönləndirərək mövzuya uyğun məzmun hazırlamaq və paylaşmaqla onların maarifləndirilməsini təmin etmək olub.

Müsabiqəyə təqdim edilmiş işlər Mərkəzi Bank və Dünya Bankı Qrupunun mütəxəssisləri tərəfindən müsabiqənin şərtlərində göstərilmiş meyarlar əsasında qiymətləndirilib və I yer üzrə 1 iş, II yer üzrə 2 iş və III yer üzrə 3 iş müəyyən edilib. Ən yaxşı işlərin müəllifləri sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, Mərkəzi Bank ölkə gənclərinin cəmiyyətin iqtisadi inkişafında rolunu artırmaq, onların maarifləndirilməsini təmin etmək, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi” prioritetinin icrasını təmin etmək məqsədilə mütəmadi olaraq bu istiqamətdə tədbirlər həyata keçirir.

Müsabiqə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən icra olunan Dünya Bankı Qrupunun Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi tərəfindən dəstəklənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır