Dövlət Gömrük Komitəsində “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edən sahibkarlarla görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, sahibkarlar iştirak edib.
Görüşün keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, bu il fevralın 1-dən etibarən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş xarici ticarət iştirakçılarını idxal zamanı mallarını birbaşa öz anbarlarına aparmaları və ixrac zamanı gömrük orqanına gəlmədən birbaşa gömrük-sərhəd buraxılış məntəqəsinə göndərmələri ilə bağlı məlumatlandırmaq olub.
Görüşdə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş xarici ticarət iştirakçılarının mallarını birbaşa öz anbarlarına aparmaları ilə bağlı təqdimat nümayiş etdirilib.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, sahibkarların sualları cavablandırılıb.