İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Nicat Hacızadə ”Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarına” edilən dəyişiklikləri şərh edib. Ekspertin sözlərinə görə İxrac-idxal əməliyyatlarında sənədlərin azaldılması sahibkarların öz risklərini tənzimləmələrinə imkan verəcək. İxracatçı subyektlərdən sərhəd keçid məntəqələrində bitki və bitkiçilik məhsulları üçün tələb olunan fitosanitar sertifikat, yeyinti məhsulları üzrə Avropa İttifaqı ölkələrinə ixrac üçün tələb olunan keyfiyyət sertifikatı sərhəd keçid məntəqələrində artıq tələb olunmayacaq. Habelə, idxal əməliyyatlarında gömrük ərazisində məcburi sertifikatlaşdırmalı olan mallar gömrük ərazisinə idxal edildikdə uyğunluq sertifikatı tələb olunmayacaq. Sahibkarlar ixrac üçün nəzərdə tutulan ölkənin tələblərinə uyğun olaraq həmin sənədləri könüllü şəkildə ala bilər. Bundan əlavə, sözü gedən qaydaya müvafiq olaraq, ixrac və idxal əməliyyatlarında mənşə “Malların perefensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydalarının” 10.1-ci bəndində göstərilən hallarda tələb ediləcək.
Nicat Hacızadə Nazirlər Kabinetinin qaydalarına edilən dəyişikliyin ölkənin beynəlxalq reytinqlərdə mövqeyinə müsbət təsir göstərəcəyini də vurğulayıb.