Əmlak Məsələləri Dövlət Komitəsi rahatlıq və məmnuniyyəti təmin edərək daşınmaz əmlakların ünvanlarda qeydiyyata alınmasını davam etdirir. Səyyar aksiyalar ilə göstərilən xidmətlər bölgələrdəki daşınmaz əmlaklar ilə yanaşı, şəhər və rayonlar üzrə çoxmərtəbəli binaları da əhatə edir. Növbəti “Kütləvi çıxarış” kampaniyası 11 yanvar tarixində Abşeron rayonunda keçirilib.
BBN.az xəbər verir ki, bu ilin ilk səyyar qeydiyyat kampaniyası Xırdalan şəhərində yerləşən 11 binadan ibarət yaşayış kompleksinin 195 mənzilli 4 binasını əhatə edib. Sosial aksiya nəticəsində 80-ə yaxın mənzil sahibinə əmlaklarına dair çıxarışlar təqdim olunub. 50-ə yaxın vətəndaş mənzilinin dövlət qeydiyyatına alınması üçün ilkin sənədlərini komitənin mobil ofisinə təqdim edib. Kampaniya çərçivəsində tək girişli, 15 mərtəbəli yaşayış kompleksi üzrə 100-ə yaxın sakinə hüquqi xidmətlər göstərilib, eləcə də vətəndaşlar üçün qeydiyyat prosedurları barədə ictimai məlumatlandırma aparılıb. Lazımi sənədlər, dövlət rüsumu və xidmət haqları ilə bağlı suallar komitə əməkdaşları tərəfindən cavablandırılıb.
Qeyd edək ki, ötən il reallaşan 22 “Kütləvi çıxarış” kampaniyası ölkə üzrə müxtəlif şəhər və rayonları əhatə edib. Bunlardan 8-i çoxmərtəbəli yaşayış binalarında, 14-ü isə kənd və qəsəbələrdə, o cümlədən iş yerlərində keçirilib. Qeyd edək ki, bu aksiya ilə yanaşı, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası növbəti həftədən davam etdiriləcək.