Yeni islahatlar kursu əmək münasibətlərinin tənzimlənməsinə böyük töhfə verəcək

Formal əmək bazarında məşğulluğun təmin olunmasına yönəldilən siyasət əhalinin sosial rifah halının yüksəldilməsinə xidmət edir. Lakin nəzərə almaq lazımdır ki, bütün ölkələrdə qeydiyyatsız məşğulluqla mübarizənin yeganə yolu məşğulluğun təmin edilməsinə, yeni iş yerlərinin açılmasına yönəldilən iqtisadi siyasətdən keçir. Sağlam, təhlükəsiz və layiqli iş yerlərinin yaradılması, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin əmək hüquqlarının genişləndirilməsi, gəlirlərin ədalətli bölgüsünün təmin olunması, əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiə sahəsində minimal tələblərin real vəziyyətə uyğunlaşdırılması kimi məqsədlər iqtisadi artımın və bu sahədə islahatların başlıca ana xətti olmalıdır. Yeni iş yerlərinin açılması və nəticədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlı tədbirlər yalnız qeydiyyatın aparılması və cəzaların artırılması demək deyildir.Təbii ki, hər bir ölkə özünün spesifik xüsusiyyətlərindən asılı olaraq bu tədbirləri dizayn etməlidir. Amma ümumilikdə bütün ölkələr  makroiqtisadi mühitin təkmilləşdirilməsi, formal məşğulluğun cəlbediciliyinin artırılması, işsizlikdən sığorta sisteminin tətbiqi, qeyri-formal məşğulluqla mübarizənin gücləndirilməsi, qeyri-formal məşğulluğa qarşı ictimai şüurun formalaşdırılması kimi əsas istiqamətlər üzrə tədbirlərin görülməsini zəruri hesab edirlər”.

Bu fikirləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev öz müsahibəsində bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır