Böyük Britaniyanın nağd pul sferasında ən nüfuzlu “Currency News” jurnalında Azərbaycan Mərkəzi Bankı tərəfindən yeni tədavülə buraxılmış 200 manatlıq pul nişanı ilə bağlı geniş məqalə dərc edilib.
BBN.az xəbər verir ki, məqalədə Azərbaycan Mərkəzi Bankı tərəfindən yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması və bununla əlaqədar ABŞ-ın Dallas şəhərində keçirilmiş beynəlxalq konfransda təqdimatın keçirildiyi bildirilir.
Eyni zamanda, məqalədə Azərbaycanın coğrafi mövqeyi, ölkənin ərazisi və əhalisi haqqında ətraflı məlumat verilərək ölkənin müsəlman şərqində ilk demokratik dövlət olduğu qeyd edilir.
Məqalədə ölkənin iqtisadi göstəriciləri, xüsusən də nağd pul tədavülü, tədavülə buraxılmış əvvəlki və mövcud pul nişanları, onların nominal strukturu və s. ilə bağlı məlumatlar əks olunur.
Eyni zamanda, məqalədə Azərbaycan Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış 200 manatlıq pul nişanı ilə bağlı məlumat verilərək, onun dizayn konsepsiyası, mühafizə fəlsəfəsi, pul nişanında tətbiq olunmuş milli ornamentlər və əsas mühafizə elementlərindən ətraflı şəkildə bəhs edilir.
Sonda məqalənin müəllifi tərəfindən 200 manatlıq pul nişanının öz dizaynına və təhlükəsizlik səviyyəsinə görə ictimaiyyət tərəfindən yüksək rəğbətlə qarşılandığı və yeni pul nişanının Azərbaycan iqtisadiyyatının inkişafının nümunəsi olduğu vurğulanır.