Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub. Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olan qanun layihəsi haqqında ətraflı məlumat verib.
Qeyd edilib ki, qanun layihəsi Prezidentin 31 may 2017-ci il tarixli sərəncamına əsasən təşkil edilən işçi qrup hazırlayıb. Sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər tərəfindən azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, sənəddə dövlət maraqları ilə investorların maraqları uzlaşdırılıb. Layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq.
Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunub.