Energetika naziri Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfərini qəbul edib

Energetika naziri Pərviz Şahbazov Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovla görüşüb.

BBN.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafında, xüsusilə də Bolqarıstanın qazla təchizatında “Cənub Qaz Dəhlizi” layihəsinin rolu və bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Energetika naziri layihənin üzvü kimi Bolqarıstanın mövqeyini və Məşvərət Şurasının iclaslarında mütəmadi iştirakını yüksək qiymətləndirib. “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəməri” və TANAP layihələrinin uğurla reallaşdırıldığını və Trans-Adriatik (TAP) Boru Kəməri üzrə işlərin 75 faiz icra olunduğunu qeyd edən nazir Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) icra vəziyyəti ilə maraqlanıb. Energetika naziri  Yunanıstan-Bolqarıstan İnterkonnektorunun tikintisinin  nəzərdə tutulan vaxtda başa çatdırılması ilə “Cənub Qaz Dəhlizi” layihəsinin iştirakçısı və “Şahdəniz-2” qazının alıcısı Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi və tranzit rolununun təmin ediləcəyini bildirib.

Bolqarıstan  səfiri Nikolay Yankov isə “Cənub Qaz Dəhlizi” və Azərbaycan qazının ölkəsi üçün mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Yunanıstan-Bolqarıstan İnterkonnektorunun vaxtında istismara hazır olacağını deyən səfir Asiya və Avropa arasında enerji dəhlizinin inkişafını, Bolqarıstanın qaza olan tələbatının 40 faizini təmin edəcək və dekarbonizasiya tədbirlərinə töhfə verəcək bir layihənin reallaşması üçün bütün  imkanlardan istifadə ediləcəyini bildirib.

Görüşdə həmçinin Bolqarıstanın qazlaşdırılması prosesində SOCAR-ın iştirakı, eləcə də regional məsələlərlə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır