Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti çərçivəsində “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeniTvinninq layihəsinin təqdimatı olub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri, Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas, layihə üzrə tərəfdaş ölkələr olan Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas və Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vex, üzv ölkə tərəfindən layihə rəhbəri, Litvanın sosial təminat və əmək nazirinin müavini xanım Egle Radisauskin və digər aidiyyəti şəxslər iştirak ediblər.
M.Kərimli tədbiri giriş sözü ilə açaraq, ölkəmizdə sosial-iqtisadi inkişaf proseslərinin dövlət məşğulluq siyasətinin ildən-ilə güclənməsi ilə müşahidə edildiyini diqqətə çatdırıb: “Məşğulluq siyasətinin səmərəli icrası dövlət məşğulluq orqanlarının da fəaliyyətinin müasir iş üsulları, innovativ yanaşmalar əsasında təkmilləşdirilməsini, əmək bazarı proqramlarının daha effektli şəkildə təşkil olunmasını əsas vəzifələrdən biri kimi müəyyən edir. Bu mənada “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeniTvinninq layihəsi dəyərli dəstək olacaq. Layihədə əksini tapan komponentlər dövlət məşğulluq xidmətlərinin Aİ-nin qabaqcıl təcrübələri əsasında modernləşdirilməsi, məşğulluq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişafı, müvafiq sahədə çalışan işçi heyətinin bilik və bacarıqlarının artırılması və s. kimi vacib hədəflərə yönəlib”.