“İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı artıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Belə ki, cari ilin iyul ayında bu e-xidmətə əvvəlki iyun ayı ilə müqayisədə 13,4 %, ötən ilin iyul ayına nisbətən isə 21,2 % çox olmaqla, 26 435 müraciət qeydə alınıb.

2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti həmin vaxtdan da portalın elektron arayış sistemində mühüm yer tutub. Ötən dövrdə 622,3 mindən çox müraciətin qeydə alındığı “İş yerinə dair arayış” e-xidməti bu göstərici ilə elektron arayış sistemində müraciətlərin sayına görə ilk yerdədir. 17 növdə e-xidmətin göstərildiyi e-arayış sisteminə bu günə qədər müraciətlərin 48,7 %-i “İş yerinə dair arayış” e-xidmətinə yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır