“İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı artıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə cari ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,8 % çox olmaqla 221 656 dəfə müraciət edilib.

“E-hökumət” portalındakı  18 növ e-arayış xidməti üzrə edilən müraciətlərin 49,6 %-i bu e-xidmətə aid olub

“İş yerinə dair arayış” e-xidməti,  hər bir işçiyə istənilən vaxt öz iş yerinə dair ümumi təyinatlı və ya hər hansı konkret quruma təqdim etmək üçün elektron qaydada arayış əldə edə bilməyə imkan verir. Bu məqsədlə işəgötürənə müraciət  olunmasına,  bunun üçün vaxt və zəhmət sərf edilməsinə ehtiyac yoxdur. Arayış aidiyyəti quruma elektron şəkildə göndərilə və ya çap edilərək kağız formasında təqdim edilə bilər. Sənəddə işəgötürən və işçi barədə məlumatlar, onlar arasında əmək müqaviləsinin bağlandığı tarix, müqavilənin müddətli və ya müddətsiz olması, onun etibarlılıq müddəti və digər məlumatlar qeyd olunur. Həmçinin vətəndaş seçiminə uyğun olaraq,  bu arayışı əmək haqqı göstərilməklə və ya  göstərilmədən də əldə etmək imkanına malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır