İş yerində daha bir “Kütləvi çıxarış” kampaniyası keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi və sürətlənməsi ilə bağlı tədbirlərini davam etdirir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 iyun tarixində Qəbələ konserv zavodunun çoxsaylı əmək kollektivi üçün birbaşa iş yerində, gündəlik iş prosesindən ayrılmadan növbəti belə çıxarış kampaniyası keçirilib. Müəssisədə çalışan vətəndaşlar birbaşa iş yerlərində evlərinin, həyətyanı torpaqlarının, pay torpaqlarının qeydiyyatına dair operativ xidmətlərlərdən yararlanıblar. Kampaniya zamanı 100-ə yaxın zavod işçisinə çıxarışlar verilib. Bunlardan 60-ı pay torpağına, 25-i həyətyanı torpaq sahəsinə, 15-i isə fərdi yaşayış evlərinə aid olub. Elə həmin gün tədbir çərçivəsində zavodda çalışan digər işçilərdən növbəti mərhələdə çıxarışla əvəz olunması üçün əvvəlki illərdə verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət sənədləri qəbul edilib. Tədbir çərçivəsində əmlaklarını sənədləşdirmək istəyən bir qrup müəssisə işçisinə hüquqi yardım xidmətləri də göstərilib.

Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır