İyulun 7-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində tədbir keçirilib. Tədbir “Sahibkarlığın inkişafı üçün həyata keçirilən islahatlar, sahibkarların maraqlarının müdafiəsi” mövzusunda olub.
Tədbirin əsas məqsədi biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində aparılan islahatlar barədə sahibkarların maarifləndirilməsidir. Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin nümayəndələri sahibkarların hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik bazası, investisiya təşviqi sənədinin alınması üçün müraciət qaydası, tələb olunan sənədlər və investisiya təşviqi sənədinin verilməsi, yoxlamaların elektron uçotu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nin məqsəd və prinsiplərinin əhəmiyyəti barədə məlumat verib.
Qeyd edək ki,Tədbirdə İqtisadiyyat, Ədliyyə nazirliklərinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlar iştirak edib.