- “Youtube” videohostinqi vasitəsi ilə əldə edilən gəlir vergisi hansı qaydada ödənilir?
Bu sualla bağlı Vergilər Nazirliyi rəsmi internet səhifəsində açıqlama verilib.
Belə ki, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, rezident vergi ödəyicisi “Youtube” videohostinqi vasitəsi ilə əldə edilən gəliri sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur.Gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq müvafiq qaydada üzərinə düşən vergi öhdəliklərini yerinə yetirməlidir.
Vergi uçotuna alınma isə kağız daşıyıcısında “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə fiziki şəxsin yaşadığı ərazi üzrə vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə edilir.
Qeyd edək ki, fiziki şəxs vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.