“Youtube”dan gəlir əldə edərkən vergi ödənməlidirmi?

“Youtube.com-dan gəlir əldə edərkən vergi ödənməlidirmi?” sualı hər kəsi maraqlandıran suallardandır.

Vergilər Nazirliyi rəsmi saytında bu suala açıqlama verib. Açıqlamaya görə, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, rezident vergi ödəyicisi “Youtube” videohostinqi vasitəsi ilə əldə edilən gəliri sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq müvafiq qaydada üzərinə düşən vergi öhdəliklərini yerinə yetirməlidir.

Vergi uçotuna alınma isə kağız daşıyıcısında “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin  surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə fiziki şəxsin yaşadığı ərazi üzrə vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə edilir.

Fiziki şəxs vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı vasitəsi ilə aparılır.

Qeyd edək ki, bu sualla bağlı qaydalar Vergi Məcəlləsinin 33-cü, 34-cü və 97-ci maddələrində göstərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır