Yun istehsalı artırılacaq

Yanvarın 30-da keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yun istehsalının, tədarükünün və ixracının artırılmasını vəzifə olaraq müəyyənləşdirib, bu il ən azı 10 tədarük məntəqəsinin yaradılmasını tapşırıb.

Dövlət başçısının tapşırıqlarının icrası məqsədilə 4 fevral tarixində Yevlaxda İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə yun sahəsi üzrə mütəxəssislərlə işgüzar müzakirə keçirilib. Tədbirdə yun istehsalının genişləndirilməsi, tədarük sisteminin qurulması, yunun ilkin emalı fabrikinin yaradılması, yunun daxili və xarici bazarlarda satışının təşkili və s. kimi məsələlər müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq, xammal bazasının araşdırılması, tədarük sisteminin modelinin seçilməsi, bu sahəyə özəl sektorun cəlb edilməsi və təşviq mexanizmlərinin tətbiqi, yun istehsalı və emalı sahəsində Çin, Avstraliya, Qazaxıstan və digər ölkələrin təcrübəsinin, texniki spesifikasiya və sertifikatlaşdırma sisteminin öyrənilməsi qərara alınıb.

İşgüzar müzakirələrdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov iştirak ediblər. Sonra Yevlax İlkin Yun Emalı Fabrikinin ərazisinə baxış keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır