Zərdab rayonunda investisiya layihələrinin qəbuluna başlanılıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Zərdab rayonunda işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

Belə ki, Zərdab rayonu üzrə sahibkarlıq subyektlərindən cins heyvandarlıq, iri fermer, pambıqçılıq, bağçılıq təsərrüfatlarının yaradılması, plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır