2017-ci il üçün Mərkəzi Bankın pul siyasəti -RƏSMİ

Mərkəzi Bank 2017-ci ildə pul təklifi kanallarını müvafiq pul proqramı vasitəsilə əhəmiyyətli məhdudlaşdıracaq və sərt pul siyasətini həyata keçirəcəkdir.

Bu haqda Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında əks olunub.

2017-ci ildə də Mərkəzi Bank özünün likvidlik əməliyyatlarını pul təklifi üzrə razılaşdırılmış hədəf çərçivəsində həyata keçirəcəkdir. Monetar islahatlar və üzən məzənnəyə keçid şəraitində pul bazası monetar siyasətin lövbərini təşkil edəcəkdir.

2017-ci ildə də Mərkəzi Bank pul siyasətinin effektiv strateji çərçivəsi olan inflyasiyanın birbaşa hədəflənməsi rejiminin tətbiqinə hazırlıq istiqamətində səylərini davam etdirəcəkdir. Bunun üçün Mərkəzi Bank çevik məzənnə rejiminin tətbiqini davam etdirəcək, pul bazasının pul siyasətinin etibarlı “bələdçisinə” çevrilməsini təmin edəcək, analitik və proqnozlaşdırma potensialı gücləndirəcək, habelə, kommunikasiya və hesabatlığı təkmilləşdirəcəkdir.

Eyni zamanda, maliyyə və kapital bazarı inkişaf etdikcə faiz dərəcələrinin Mərkəzi Bankın pul siyasətinin yeni lövbərinə çevrilməsinə imkanlarına da baxılacaqdır. İnflyasiyanın hədəflənməsi rejiminə keçid şərtlərinin reallaşdırılması ilə yanaşı pul siyasəti dizaynında baş verən qlobal dəyişikliklər, mərkəzi bankların hədəf perimetrinin və alət arsenalının genişləndirilməsi ilə bağlı son meyillər daim izlənəcək və bundan asılı olaraq pul siyasətinə zəruri dəyişikliklər ediləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır