İlk öncə qeyd edək ki, “Bençmarkinq” hər hansısa bir təşkilatın rəqabətqabiliyyətini artırmaq və yaxud da inkişafını təmin etmək məqsədilə həyata keçirlir. “Bençmarkinq”in tətbiqi eyni sektorda uğurlu strategiyaları ilə bazarda tanınmış digər şirkətin, inkişaf strategiyalarını ölçərək, səmərəli hesab edilənlərin öz müəssəsinə tətbiq etməkdən ibarətdir.
Misal üçün, bazarda hələ öz sözünü deyə bilməmiş hər hansısa bir “B” şirkəti bu sahədə lider olan “A” şirkətinin strategiyalarından istifadə edir.
Bir sözlə bu metod digər şirkətlərin iş fəaliyyətlərini müqayisə edərək istifadə olunan bir vasitədir.
“Bençmarkinq” rəqibin biznesinə sızıb, məlumatları gizlincə ötürmək deyildir. Şirkətlərin qarşılıqlı razılaşması əsasında həyata keçirilir və müəyyən sahələri əhatə edir. Əlbətdə, mübadilə edilən bu məlumatlar ictimaiyyətə açıqlanmamalı və gizli saxlanılmalıdır.
Qeyd edək ki, “Bençmarkinq” sözü 1970-ci illərdən sonra iş dünyasına transfer olunub, əsasən, “müqayisə etmək” mənasında işlədilir.
Bu sistemin əsas məntiqi hər bir müəssisənin digərindən ən az bir fərqli müsbət cəhətinin olmasına və bunun istifadə olunması ilə də gəlirliliyin artırıla biləcəyinə əsaslanır.
Yaponiyada bu termin “yaxşıların ən yaxşısı” olaraq adlandırılır.
Bu metodun tətbiq olunduğu bir çox şirkətləri misal çəkmək olar. Məsələn, “Toyota”nın yaradıcısı Kiçiro Toyoda öz oğlu Eiji Toyodanı General Motors, Ford kimi avtomobil şirkətlərini müşahidə etmək üçün ABŞ-a göndərib. Eiji Toyoda bu şirkətləri müşahidə etməklə kifayətlənməyib, eyni zamanda, supermarketlərdə araşdırma aparıb. Supermarketlərdə boşalan rəflərin gecələr sürətli və tələbata uyğun şəkildə doldurulmasından təsirlənən Toyoda, Yaponiyaya qayıdışında “Just in Time”, yəni “ən doğru zamanda” metodunu formalaşdırıb. Bu metod vasitəsi ilə J. Toyoda məhsullara olan ani tələbi öyrənməklə, məhsuldan sırf lazım olan qədər istehsal etməyi təmin etmiş və anbar xərclərini demək olar ki, sıfıra endirmişdir.
“Bençmarkinq”in əsas məqsədi digər şirkətlərin ən perspektivli strategiyalarından istifadə etmək, xərcləri azaltmaq , motivasiya sistemini gücləndirmək və digər bu kimi xüsusiyyətləri özündə daşıyır.
“Bençmarkinq” iki hissəyə ayrılır:
- Daxili mühit analizi – bu zaman şirkət daxilində departmentlər və şöbələr arasında müqayisələr aparılır;
- Xarici mühit analizi – burada isə başqa şirkətlər arasında müqayisə aparılır. Burada iki yol izlənə bilər: birinci eyni sektoruda olan və öz sözünü demiş rəqib şirkətlə əlaqələr qurula bilər, ikincisi isə bu sektorda olmayan amma strategiyasının təhlili şirkətinizin səmərəliliyini artıracaq qurumların bençmarkinqi.
Bundan əlavə bençmarking aşağıdakı növləri var:
- Proses yönlü bençmarkinq – firmann əldə etdiyi nəticələri və həyata keçirdiyi işi daha qısa müddətdə və daha az xərclə etməsinə yönələn müqayisələri nəzərdə tutur.
- Nəticə yönlü bençmarking – firmanın mövcud resurları ilə daha yüksək nəticələri əldə etməsi üçün aparılan müqayisədir.
- Strateji bençmarkinq isə müqayisə edilən şirkətin ümumi strategiyasının, vizyonunun öyrənilməsini, üstünlük gətirən əsas nüansların ortaya çıxardılmasını nəzərdə tutur.
Bençmarkinqin aşağıdakı istiqamətlərdə həyata keçirilməsi daha məqsədə uyğundur:
- İnsan Resurslarının İdarəedilməsi;
- Keyfiyyətin ölçülməsi;
- İş yerində təhlükəsizlik və sağlamlıq;
- Binanın planlanması;
- Daxili Nəzarət qaydaları;
- Satınalma və təhcizat üsulları;
- Rəsmi prosedurlar;
- İşçi heyətinə təlimlərin keçirilməsi və ixtisasartırma.