Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması qaydası təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli fərmanı ilə ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən ölkə ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydası təsdiq edilib.

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş DVM-i İlqar Xəlilov bildirib ki, aksizli mallara, ərzaq məhsullarına, dərman preparatları və tibbi ləvazimatlara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlara, külçə şəklində qiymətli metallara, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə bu qayda şamil edilmir.

“Qayda bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 100 manatdan çox olduğu hallarda tətbiq edilir. ƏDV-nin alıcıya qaytarılması nağd ödəniş və ya bank kartına (və ya hesabına) köçürmə yolu ilə həyata keçirilir. Operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulur. Ticarət festivalı dövründə alınmış mallara görə ödənilmiş ƏDV-ni həmin malların alındığı gün ərzində müvəkkil bank geri qaytarır. ƏDV-nin malların alındığı gündən sonrakı günlərdə qaytarılmasına isə yol verilmir”-deyə İlqar Xəlilov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır