Dekabrın 28-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu ilin sonuncu işgüzar forumunu Xırdalan şəhərində keçirib.
150-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, ət-sümük unu və tara istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.
Bildirilib ki, bu il 2500-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 190 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74%-i respublikanın regionlarının, 26%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Verilən kreditlərin 82,3%-i aqrar sektorun, 17,7%-i sənaye və digər sahələrin inkişafına yönəldilib.
İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 20 sahibkara 7,7 milyon manat güzəştli kredit verilib. Ayrılan kreditlər əsasən, heyvandarlıq, müasir istixana kompleksinin yaradılması, çörək, tikinti materialları, mətbəx və məişət əşyaları istehsalı, zeytunçuluq sahələrinin inkişafına sərf olunacaq. Bu kreditlərin reallaşdırılması nəticəsində 180-dən çox yeni iş yeri açılacaq.