Azərbaycan-Braziliya enerji əməkdaşlığı müzakirə edilib

Energetika Nazirliyində Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının perspektivlərinə dair müzakirələr aparılıb. Rodriqo Maya Braziliyanın karbohidrogen ehtiyatları, yeni yataqların kəşfi hesabına hasilatda  gözlənilən artım, qaz sahəsində həyata keçirilən islahatlar, eləcə də bərpa olunan enerjidən istifadə barədə məlumatları diqqətə çatdırıb. Bildirib ki, Braziliya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bu məqsədlə, iki ölkənin enerji sahəsində fəaliyyət göstərən müvafiq qurumları və neft-qaz şirkətləri arasında əlaqələrin inkişafına, “Petrobras”la SOCAR-ın əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə ehtiyac var.

Energetika naziri Pərviz Şahbazov Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və enerji əməkdaşlığı üçün imkanların olduğunu deyib. Nazir qədim neft diyarı Azərbaycanın keçdiyi inkişaf yolu, neft-qaz sənayesinin inkişaf mərhələləri və qlobal enerji təhlükəsizliyinin təminatı prosesində rolundan danışıb. SOCAR tərəfindən bu ölkə istiqamətində xam neftin, eləcə də Braziliya mənşəli xam neft və neft məhsullarının dünya bazarına təchiz edildiyini deyən nazir bildirib ki, neft-qaz şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün Energetika Nazirliyi lazımi dəstəyi verməyə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır