Hesablama Palatasının Kollegiya qərarları qəbul olunub

Hesablama Palatasının 2017-ci il İş planına əsasən cari ilin 6 ayı ərzində 31 nəzarət tədbirinin başlanılması və 14 tədbirin nəticələri ilə bağlı Kollegiya qərarları qəbul olunub. Nəticələrinə baxılmış nəzarət tədbirlərinin 13-ü audit, 1-i isə analitik təhlil işi olub.

2017-ci ilin İş planına əsasən nəticələri ilə bağlı qərar qəbul olunmuş nəzarət tədbirləri dövlət büdcəsindən ayrılmış xərclərlə yanaşı, büdcədənkənar dövlət fondunun xərclərini və fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə xərcləri əhatə edib. Belə ki, 2-i nəzarət tədbiri ilə dövlət büdcəsindən ayrılmış xərclər və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri, 4  tədbir ilə isə eyni zamanda fəaliyyətdən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilmiş xərclər audit olunub.

Nəticələri ilə bağlı qərar qəbul edilmiş nəzarət tədbirləri ilə ümumilikdə 605,5 mln. manat vəsait əhatə olunub. Nəzarət tədbirləri əhatə edilən dövlət büdcəsi vəsaitinin 0,4%-i 2014-cü ildə, 48,1%-i  2015-ci ildə və 51,5%-i 2016-cı ildə icra edilmiş xərclər üzrə olub.

Hesablama Palatası tərəfindən əvvəlki illərdə başa çatdırılmış auditlərin və 2017-ci ilin altı ayı ərzində nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlərin nəticəsi olaraq ümumilikdə 4762,8 min manat, 13,4 min ABŞ dolları məbləğində vəsaitin dövlət büdcəsinə, 122,6 min manat məbləğində vəsaitin isə büdcədənkənar dövlət fondunun büdcəsinə bərpası təmin edilib.

Nəzarət tədbirlərinin nəticəsi olaraq 39 vəzifəli şəxslə bağlı intizam-tənbeh tədbirinin tətbiq edildiyi barədə məlumatlar Hesablama Palatasına daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır