Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
BBN.az xəbər verir ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev iclasda çıxış edib.
Samir Nuriyev bildirib ki, 29 çoxmənzilli yaşayış binasından ibarət olan Yasamal Yaşayış Kompleksində 1843 ailənin mənzillə təmin edilməsi planlaşdırılır. Bu da 6 mindən çox insanın mənzil probleminin həll edilməsi deməkdir. Hazırda kompleksdə tikinti işləri sürətlə davam edir. Artıq 19 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. Cari ilin iyun ayında ilk mənzillər tam təmirli, mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, bu şəhərcikdə 960 şagird yerlik orta təhsil məktəbi və 240 yerlik uşaq bağçası tikilməkdədir.
Həmçinin, dövlət büdcəsindən asılılığı minimuma endirmək məqsədilə Yasamal Yaşayış Kompleksi layihəsi çərçivəsində 3 investisiya müsabiqəsi keçirilib. Müsabiqələrdə qalib gəlmiş şirkətlərlə təşkil olunan dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 18 milyon manata yaxın özəl sərmayə cəlb olunub. Bu vəsait 3 yaşayış binasının inşasına, ərazidə telekommunikasiya infrastrukturunun yaradılmasına, habelə ticarət mərkəzinin tikintisinə yönəldiləcək. Yasamal Yaşayış Kompleksində bütün işlərin yekunlaşması 2019-cu ilə planlaşdırılır.
Agentliyin ikinci layihəsi – Hövsan Yaşayış Kompleksi 3 minə yaxın mənzildən, 1920 şagird yerlik orta məktəbdən, hər biri 260 yerlik olmaqla iki uşaq bağçasından, xəstəxanadan və digər ictimai obyektlərdən ibarət olacaq. Burada 10 min nəfərdən çox insanın yaşaması gözlənilir. İlk mənzillərin 2019-cu ilin yay aylarında, yaşayış massivinin isə 2020-ci ildə tam təhvil verilməsi planlaşdırılır.
Qeyd edilib ki, Ötən müddət ərzində 8200 nəfərə yaxın vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetin yaradılması təmin olunub.